“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılmışdır.
Nəqliyyat donanmasının tərkibində 56 gəmi, o cümlədən 23 tanker, 13 gəmi-bərə, 16 quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi vardır.
İxtisaslaşdırılmış donanma isə 200 gəmidən, o cümlədən 21 kran, 8 tanker, 3 təchizat, 3 yedək, 21 təchizat-yedək, 6 liman-yedək, 23 sərnişin, 2 borudüzən, 5 yanğınsöndürən, 5 mühəndis-geoloji, 5 barja, 10 dalğıc, 5 dibdərinləşdirən, 83 xidməti və köməkçi gəmidən ibarətdir.
Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir.
