Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilmişdir.

1920-ci il aprel ayında Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə əsasən Nazirliyin Fəaliyyət istiqamətləri

  • ●  ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • ●  ədliyyə sahəsinin inkişafını təmin edir;
  • ●  hüquq-mühafizə fəaliyyətini həyata keçirir;
  • ●  qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;
  • ●  vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;
  • ●  notariat fəaliyyətini təşkil edir;
  • ●  qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət reyestrini aparır;
  • ●  sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;
  • ●  Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;
  • ●  qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
  • ●  məhkəmə qərarlarının icrasını təmin edir;
  • ●  penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;
  • ●  bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
  • ●  qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;
  • ●  hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır;
  • ●  məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir;
  • ●  hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir;
  • ●  ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;
  • ●  hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;
  • ●  hüquqi maarifləndirmə işini həyata keçirir;
  • ●  Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
  • ●  qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.