Şimal-Qərb Dəhlizi
ŞİMAL-QƏRB NƏQLİYYAT DƏHLİZİ
Şimal-Qərb Nəqliyyat Dəhlizi Avrasiya regionunda beynəlxalq ticarət və nəqliyyatın inkişafında yüksək əhəmiyyətə malikdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun uğurla istifadəyə verilməsi ilə yaradılan bu dəhliz, Türkiyə və Rusiya arasında yüklərin daşınması üçün mühüm marşrutdur . Bu layihə Şərq və Qərb bazarlarını birləşdirən regional əməkdaşlığın və irəliyə dönük infrastruktur təşəbbüslərinin bariz nümunəsidir.
Şimal-Qərb Nəqliyyat Dəhlizi vasitəsilə əsasən Rusiya və Türkiyə arasında kömür, taxıl və digər əmtəələrin daşınması həyata keçirilir. BTQ dəmir yolunun istifadəyə verilməsi birbaşa və səmərəli nəqliyyat marşrutu yaradaraq logistik proseslərini sadələşdirmiş və xərcləri azaltmışdır.
Bu dəhliz, Rusiya və Türkiyə arasında ikitərəfli ticarətin hüdudlarından kənara çıxaraq, Avropa və Aralıq dənizi bazarları ilə geniş əlaqə yaradır. Marşrut boyunca Rusiya – Azərbaycan – Gürcüstan – Türkiyə/Qara dəniz – Avropa/Aralıq dənizi xətti üzrə yüklərin maneəsiz hərəkətini təmin edir.
Şimal-Qərb Nəqliyyat Dəhlizinin yaradılması Azərbaycanı mühüm tranzit mərkəzi kimi mövqeləndirir və onun beynəlxalq ticarət və tranzit logistikası sahəsindəki rolunu gücləndirir. BTQ dəmir yolu bu marşrutda əsas əlaqə kimi fəaliyyət göstərərək, Azərbaycanın Şərq və Qərb bazarları arasında körpü rolunda iştirakına imkan verir və onun regional və qlobal ticarətdə strateji əhəmiyyətini möhkəmləndirir.
Marşrut: Rusiya - Azərbaycan – Gürcüstan – Türkiyə/Qara dəniz – Avropa/Aralıq dənizi