Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, bütövləşən ölkəmizin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayından üzv qəbul edilmişdir. Eyni zamanda, Dövlət Gömrük Komitəsi 1999-cu ildən ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildən isə ÜGT-nin ali orqanı-Siyasi Komissiyasında, 2002-ci ildən isə Gömrük Əməkdaşlıq Komitəsində təmsil olunmuşdur.

Azərbaycanın beynəlxalq gömrük əməkdaşlığı sahəsində atdığı müsbət addımların nəticəsi olaraq 1996-cı ildə Avropa Birliyi və ona üzv olan dövlətlərlə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Elə həmin ildə ölkəmiz "BYD kitabçasının tətbiqi ilə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyası”na, 2000-ci ilin may ayında "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemə dair Beynəlxalq Konvensiya"ya, həmin ilin fevral ayında "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (Cenevrə Konvensiyası, 1982-ci il), 2002-ci ilin fevral ayında "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatların aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"ya (Nayrobi Konvensiyası), 2003-cü ilin dekabr ayında isə "Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya"ya (Kioto Konvensiyası) qoşulmuşdur. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), İNTERPOL, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Beynəlxalq Yol İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), BMT-nin Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstan üçün Xüsusi Proqramı (SPECA) və neçə-neçə bu qəbildən beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq DGK-nın fəaliyyət dairəsinin genişliyini təsdiqləyir.

Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə 1995-ci ildə "Gömrük tarifi haqqında", 1997-ci ildə "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" (2011-ci ilin sentyabr ayında artıq yeni Gömrük Məcəlləsi qəbul edilib) və 1998-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında" Əsasnamə, 1999-cu ildə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə, həmçinin 2001-ci ildə gömrük orqanlarının şərəf və şöhrət rəmzi olan "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında" və "Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında" qanunlar qəbul edilmişdir. 2001-ci ildə isə Dövlət Gömrük Komitəsinin Kollegiyası tərəfindən "Gömrük orqanı vəzifəli şəxsinin Şərəf Kodeksi" qəbul edilmişdir. Bu qanunların hər biri gömrük orqanlarının yerinə yetirməli olduğu vəzifə və səlahiyyətlərini daha aydın şəkildə müəyyən edir.

Dövlət Gömrük Komitəsi gömrük işinin təşkili prosesində informasiya texnologiyalarının tətbiqini, rəqəmsallaşmanı daim genişləndirir. Həyata keçirilən tədbirlər çərçivəsində 2016-cı ildə elektron bəyanetmə prosesinə start verildi.

“Smart customs” layihəsinin tətbiqi hesabına bütün gömrük əməliyyatlarının mobil cihazlardan həyata keçirilməsi imkanı yaradıldı.

Müasir texnologiyaların, rəqəmsal həllərin gömrük sistemində tətbiq edilməsi Azərbaycan gömrük xidmətinin strateji hədəflərindəndir. Bu məqsədlə Azərbaycan gömrük xidmətinin əməkdaşları tərəfindən hazırlanaraq 2024-cü ilin əvvəlindən tətbiqinə başlanan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsinə, əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, uçot sisteminin düzgün qurulmasına əlavə imkanlar yaratdı.

“ÖZÜNET”, “Smart bot” layihələri vətəndaşlar, eyni zamanda sahibkarlar üçün gömrük xidmətlərinin əlçatanlığının, şəffaflığın və məmnuniyyətin artırılması, rəqəmsallaşmanın genişləndirilməsi baxımından əhəmiyyətli oldu.

Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı orta dəhliz boyunca yüklərin asan və sürətli şəkildə daşınması üçün rəqəmsal, həmçinin sadələşdirilmiş gömrük həllərinin tətbiqini nəzərdə tutur.