Müasir dövrdə Azərbaycanda ilk dəfə müstəqil xarici siyasətin aparılması 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın bir neçə xarici ölkədə; Türkiyədə, Ermənistanda, Gürcüstanda diplomatik nümayəndəlikləri, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Bununla yanaşı, Bakıda 16 xarici dövlətin; Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, Amerika Birləşmiş Ştatlarının, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin və İsveçin  nümayəndəlikləri işə başlamışdır.

1944-cü ilin mart ayının 8-də keçirilən Azərbaycan SSR Ali sovetin sessiyası Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığının yaradılması haqqında qanun qəbul etdi.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra, 1991-ci ildən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın milli mənafelərini qoruyan müstəqil xarici siyasət kursunu həyata keçirir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini və bu sahədə dövlət tənzimləməsini, eləcə də xarici əlaqələr sahəsində Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən və diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməyə əsasən Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • ●  Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirmək və Azərbaycan Respublikasını beynəlxalq münasibətlərdə təmsil etmək;
  • ●  Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, milli təhlükəsizliyini və milli maraqlarını xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorumaq və təmin etmək;
  • ●  Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərini, sülhü və əməkdaşlığı inkişaf etdirmək;
  • ●  beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək vermək;
  • ●  xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;
  • ●  Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflər hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
  • ●  Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirmək;
  • ●  beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətini, xarici dövlətlərin xarici və daxili siyasətini, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etmək və Azərbaycan Respublikasının digər dövlət orqanlarına (qurumlarına) müvafiq məlumatları və təklifləri təqdim etmək;
  • ●  Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrini həyata keçirmək;
  • ●  xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək vermək;
  • ●  Azərbaycan Respublikasının dövlət protokolunun təmin edilməsində iştirak etmək;
  • ●  konsul işini təşkil etmək və konsul funksiyalarını həyata keçirmək;
  • ●  xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatik xidmət orqanlarında xidmət sahələrində normayaratma fəaliyyətini həyata keçirmək;
  • ●  Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.