Dəmir yolları

Dəmir yolları

AZƏRBAYCAN DƏMİR YOLLARI

Azərbaycan dəmir yollarının yaranma tarixi neft sənayesinin inkişaf tarixi ilə bağlı olmuşdur. Ölkəmizin dəmir yolu tarixi 1880-ci ildə ilk dəmir yolu xətti istifadəyə verilməsi ilə başlayır. 20 Yanvar Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur. Əvvəlcə Bakı-Sabunçu-Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı.

1883-cü ildə Bakı-Yelizavetpol(Gəncə)-Tiflis magistral dəmir yolu işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Bakı-Yelizavetpol-Tiflis magistral dəmir yolunun davamı Tiflis-Qori-Kutaisi-Poti-Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi. 1900-cu ildə isə Azərbaycan ərazisi Rusiya imperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirildi.

Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.

2024-cü ilin statistikasına əsasən Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2957,73 kilometr, istismar uzunluğu 2137,34 kilometr, onun 807,39 kilometri qoşa yolludur.  Yolun ümumi istismar uzunluğunun 60%-ə yaxını elektrikləşdirilmişdir.

Dəmiryol nəqliyyatı ilə yükdaşıma gücü onun infrastruktur imkanları ilə qiymətləndirilir. Ölkə üzrə 122 yük stansiyası mövcuddur. Hazırda ADY-nin yük vaqonu parkında 5795 vaqon var ki, bura 426 ədəd qapalı (örtülü), 703 ədəd platforma, 800 ədəd çən vaqon, həmçinin 1000 ədəd yarımvaqon və 788 ədəd digər vaqon növləri daxildir

BAKI–TBİLİSİ–QARS DƏMİR YOLU XƏTTİ

Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit daşımaları gücləndirmək və Qafqaz bölgəsini Avropa ilə Asiya arasında əsas nəqliyyat dəhlizinə çevirmək məqsədi ilə inşa edilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisi 2007-ci il noyabrın 27-də başlamış və 2017-ci ildə istifadəyə verilmişdir. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Bu dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur obyektləri də inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir, bu da yüklərin daşıma prosesini daha səmərəli edir.

BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri yekunlaşdıqdan sonra illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatmışdır.

 Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti  Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində də strateji əhəmiyyətə malikdir və “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına imkan verir.

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında dəmir yolu sektorunun strateji idarəetməsini həyata keçirən əsas dövlət müəssisəsidir. ADY QSC-nin missiyası ölkədaxili və beynəlxalq nəqliyyat bağlantılarının inkişaf etdirilməsi, dəmir yolu xidmətlərinin effektivliyinin artırılması və Azərbaycanın regional və beynəlxalq yükdaşımalarında rəqabət qabiliyyətinin təmin edilməsidir.

Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır.

ADY QSC Azərbaycanın tranzit potensialını genişləndirmək və gücləndirmək istiqamətində strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

ADY QSC Azərbaycanın Avropa və Asiya arasında önəmli tranzit ölkəsi kimi mövqeyini möhkəmləndirmək məqsədilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Şimal-Cənub və digər strateji dəhlizlərdə fəal iştirak edir. Şirkət multimodal nəqliyyat həllərinin və logistika mərkəzlərinin inkişafını təşviq edərək, tranzit vaxtının qısaldılmasına və yükdaşımaların səmərəliliyinin artırılmasına çalışır.

 

Azərbaycanın əsas tranzit ölkə kimi artan əhəmiyyətini və dəmir yolu xidmətlərinə yüksək tələbatı nəzərə alaraq, dünya standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni strukturu - “ADY Ekspress” MMC-ni yaradıb. “ADY Express” MMC 2015-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət əsasən yükdaşımalar, vaqon təminatı,  vaqon təmiri, vaqon yuyulması və yükün aşırılma xidmətlərini həyata keçirir. ADY Express yüklərin cəlb edilməsi və ölkəmizdən keçən tranzit yüklərin həcminin artırılması üçün ekspeditorlara və iri yük sahiblərinə onlayn da xidmətlər göstərir.

ADY Ekspress MMC, müasir texnologiyalardan istifadə edərək yüklərin təhlükəsiz və tez bir zamanda çatdırılmasını təmin edir və logistika xidmətlərini sadələşdirmək üçün avtomatlaşdırılmış sistemləri tətbiq edir. Şirkət həmçinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin effektiv istifadəsinə və yüklərin bu marşrut üzərindən daşınmasında aktiv iştirak edir.

Konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 1 noyabr 2024-cü ildən etibarən ADY-nin törəmə şirkətləri “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil edilmişdir. Hazırda “ADY Ekspress” MMC müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim etməkdədir.