Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişafın və iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin, habelə lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması, dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müstəqil Azərbaycanın ilk Ticarət və Sənaye Nazirliyi fəaliyyət göstərib. 1920-1991-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasında iqtisadi məsələlər Ticarət, Sənaye və Ərzaq Komissarlığı, Ticarət və Sənaye Nazirliyi, Azərbaycan SSRİ Dövlət Plan Komitəsi kimi qurumlar tərəfindən tənzimlənib. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilib, onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında" Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli Fərmanı ilə isə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" təsdiq olunub. Əsasnaməyə əsasən Nazirliyin əsas fəaliyyət istiqamətləri:
- ● İqtisadi siyasət və strategiya - ölkənin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması və icrasında iştirak, dayanıqlı və inklüziv iqtisadi artım üçün təkliflərin hazırlanması;
- ● Makroiqtisadi idarəetmə - dövlət büdcəsi, vergi, pul-kredit, valyuta, bank, sığorta, qiymətli kağızlar, qiymət-tarif və iqtisadi təhlükəsizlik sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak;
- ● Sosial-iqtisadi planlaşdırma - konsepsiya, dövlət proqramları və proqnozların hazırlanması, icrasına nəzarət və qiymətləndirmə;
- ● İqtisadi təhlükəsizlik - iqtisadi maraqların qorunması və davamlı artım üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- ● Şəffaflıq və biznes mühiti - şəffaflığın artırılması və əlverişli biznes şəraitinin yaradılması;
- ● İxrac və sənaye - milli iqtisadiyyatın və ixracın təşviqi, sənaye inkişafı üzrə siyasətin hazırlanması və icrası;
- ● İnvestisiyalar - ölkəyə investisiyaların cəlbi, qorunması və təşviqi üzrə dövlət siyasətinin formalaşdırılması və icrası;
- ● Sahibkarlıq və DÖT - sahibkarlığın inkişafı, dövlət-özəl tərəfdaşlıq, lisenziya və icazə sisteminin tənzimlənməsi;
- ● İnsan kapitalı - uzunmüddətli insan kapitalı inkişaf proqramlarının hazırlanması və icrası;
- ● Rəqabət siyasəti - azad rəqabətin qorunması, inhisarçılığın və haqsız rəqabətin qarşısının alınması;
- ● Xarici iqtisadi əlaqələr - xarici ticarət və beynəlxalq iqtisadi əməkdaşlıq siyasətinin hazırlanması və icrası;
- ● Regional inkişaf - regionların sosial-iqtisadi inkişaf siyasətində iştirak;
- ● Vergi və icbari ödənişlər - dövlət büdcəsinə vergilərin və digər icbari ödənişlərin yığılmasına nəzarət;
- ● Dövlət aktivləri və özəlləşdirmə - dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və mülkiyyət strukturunun təkmilləşdirilməsi;
- ● İstehlakçı hüquqları - istehlakçıların hüquqlarının qorunması və məhsul-keyfiyyət standartlarının təmin edilməsi;
- ● Dövlət satınalmaları - dövlət vəsaiti hesabına mallar, işlər və xidmətlər üzrə satınalma siyasəti;
- ● Reklam nəzarəti - açıq məkan istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;
- ● Standartlaşdırma və keyfiyyət - metrologiya, texniki tənzimləmə, akkreditasiya və keyfiyyət idarəetməsi üzrə siyasət;
- ● Lotereya və idman mərc oyunları - bu fəaliyyətlərin qanunvericilik çərçivəsində tənzimlənməsi;
- ● Normayaratma - müvafiq sahələrdə normativ-hüquqi aktların hazırlanması.
