Şimal-Cənub Dəhlizi
AZƏRBAYCAN ŞİMAL-CƏNUB DƏHLİZİNDƏ
Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan və Körfəz ölkələrindən Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə yüklərin daşınmasını təmin etməkdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanmışdır. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulmuşdur.
Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü məsafənin və yüklərin çatdırılma müddətinin 2-3 dəfə qısalmasıdır. Fars körfəzindən Süveyş kanalı – Aralıq dənizi – Baltik dənizi marşrutu ilə Helsinkiyə dəniz yolu ilə yük daşınması 45-60 gün çəkdiyi halda, Şimal-Cənub dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.
Bu dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu xətti 511 km uzunluğundadır. Xüsusilə, Azərbaycanın Rusiya ilə sərhədindən İran ilə sərhədinə qədər uzanan və dəhlizin əsas hissəsini təşkil edən dəmir yolu seqmenti artıq istismara verilib. Azərbaycan, Rusiya və İran tərəfindən bu dəhliz vasitəsilə həm Şimal, həm də Cənub istiqamətində yükdaşımaların həcmini 15 milyon tona (660 min TEU) çatdırmaq məqsədilə birgə tədbirlərin həyata keçirilməkdədir.
Azərbaycan ərazisindən keçən nəqliyyat və logistika dəhlizinin infrastrukturu əhəmiyyətli modernizasiya prosesindən keçmiş və ölkəni Avrasiya qitəsinin şimal və cənub bölgələri arasında mühüm bağlantıya çevirmişdir. Ən son yeniliklər arasında Bakı Ticarət Limanının genişləndirilməsi, Ələt-Astara avtomobil yolunun yenidən qurulması və İran ilə Azərbaycan arasında yeni dəmir yolu körpüsünün tikintisi yer alır.
Marşrut: Baltik dənizi – Rusiya – Azərbaycan – İran – Hindistan