Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yaradılmışdır. ADR yarandığı gündən ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlər görmüşdür. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi yaradılmışdır. Məlikaslanov, A. Aşurov, C. Hacınski ilk rabitə nazirləri olmuşlar.
2021-ci il 11 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1464 nömrəli Fərmanı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Məqsəd ölkədə rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə əsasən Nazirliyin tranzit yükdaşımalara aid əsas fəaliyyət istiqamətləri:
- ● Nəqliyyat dəhlizlərinin inkişafı və idarə edilməsi - beynəlxalq və regional dəhlizlər (Şimal-Cənub, Şərq-Qərb, Zəngəzur dəhlizi və s.), həmçinin tranzit marşrutların optimallaşdırılması;
- ● Avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı üzrə koordinasiya - yükdaşımaların təhlükəsiz və vaxtında təşkili;
- ● Tranzit yükdaşımalar üçün rəqəmsal həllər - elektron bilet və yük izləmə sistemləri, məlumat mübadiləsinin vahid platformada təşkili;
- ● Gömrük və sərhəd keçid prosedurlarının sadələşdirilməsi - nəqliyyat prosesində vaxt itkisini minimuma endirmək üçün tədbirlər;
- ● Logistika mərkəzlərinin və terminalların yaradılması - yük axınlarının rahat ötürülməsi və çeşidlənməsi.
Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq yükdaşımaların təşkili və nəzarəti istiqamətində aşağıdakı vəzifələri yerinə yetirir:
- ● Azərbaycan Respublikasının tranzit potensialının artırılması, tranzit yüklərin cəlbi və bu yüklərin beynəlxalq dəhlizlər üzrə daşınmasının təşkili istiqamətində tədbirlər görür;
- ● Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün aidiyyəti dövlət orqanları, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıq edir;
- ● Nəqliyyat-logistika mərkəzlərinin, yük terminallarının və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi və tranzit proseslərinin sürətləndirilməsi üzrə tədbirlər həyata keçirir;
- ● Tranzit yükdaşımalar üzrə məlumatların toplanması, təhlili və vahid informasiya bazasının formalaşdırılmasını təmin edir;
- ● Tranzit yüklərin daşınması zamanı tətbiq edilən gömrük, sərhəd və digər nəzarət prosedurlarının sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə təkliflər hazırlayır;
- ● Şimal-Cənub, Şərq-Qərb, Zəngəzur dəhlizi və digər beynəlxalq tranzit marşrutlarının infrastrukturunun inkişafına dair layihələri reallaşdırır;
- ● Tranzit yükdaşımaların təhlükəsizliyinin təmin edilməsi və daşımalar zamanı beynəlxalq tələblərə əməl olunmasına nəzarət edir.
