Layihələr
Bakı–Tbilisi–Qars dəmir yolu xətti
Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit daşımaları gücləndirmək və Qafqaz bölgəsini Avropa ilə Asiya arasında əsas nəqliyyat dəhlizinə çevirmək məqsədi ilə inşa edilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisi 2007-ci il noyabrın 27-də başlamış və 2017-ci ildə istifadəyə verilmişdir. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Bu dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur obyektləri də inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir, bu da yüklərin daşıma prosesini daha səmərəli edir.
BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri yekunlaşdıqdan sonra illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatmışdır.
Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində də strateji əhəmiyyətə malikdir və “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına imkan verir.

ZƏNGƏZUR DƏHLİZİ
2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqton şəhərində keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanmışdır.
Sözügedən Bəyannamə, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu.
Bu təşəbbüs çərçivəsində formalaşacaq Zəngəzur dəhlizi, həm Orta Dəhlizin, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin növbəti mühüm seqmenti olacaq. TRIPP, Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarını genişləndirən və region ölkələrinin qlobal təchizat zəncirlərinə inteqrasiyasına töhfə verən strateji nəqliyyat əlaqəsi kimi çıxış edəcək.
“Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Azərbaycan-Ermənistan sərhədində yerləşən Horadiz-Ağbənd dəmir yoluna birləşəcək və Naxçıvana qədər uzanacaq. Buradan isə Türkiyə və Avropa istiqamətlərinə çıxış təmin olunacaq. Bu xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücünə malikdir. Beləliklə, Zəngəzur dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının mühüm tərkib hissəsi kimi Bakı-Tbilisi-Qars dəhlizi ilə birlikdə regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Horadiz-Ağbənd dəmir yolunun tikintisi
Avrasiya nəqliyyat bağlantısının əsas komponentlərindən biri olan Zəngəzur dəhlizinin bir hissəsi kimi Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Respublikası Prezidentinin 13 mart 2021-ci il tarixli, 2534 nömrəli Sərəncamına əsasən həyata keçirilir.
Dəmir yolunun ümumi uzunluğu ox üzrə 110,4 km, yan yollarla birlikdə 140,6 km təşkil edir. Xətt tək xətli olub, tikinti-quraşdırma işləri üç mərhələdə icra olunur:
- ● I mərhələ (Horadiz-Soltanlı, 30 km):
Ərazinin minalardan təmizlənməsi, söküntü və layihələndirmə işləri, torpaq və üstquruluş elementlərinin quraşdırılması, mühəndis qurğularının tikintisi.
- ● II mərhələ (Soltanlı-Mincivan, 55 km):
Ərazinin minalardan təmizlənməsi, layihələndirmə, söküntü, torpaq işləri, üstquruluş elementləri və mühəndis qurğularının quraşdırılması.
- ● III mərhələ (Mincivan-Ağbənd, 25,4 km):
Ərazinin minalardan təmizlənməsi, layihələndirmə, torpaq işləri və mühəndis qurğularının inşası.
