TIR Parkları

TIR Parkları

YÜK AVTONƏQLİYYAT PARKLARI (TIR PARKLARI)

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyasının" "Fəaliyyət Planı"nda 1.1.11-ci istiqamət olaraq ölkədə "Dövlət-özəl tərəfdaşlığı əsasında TİR parklarının yaradılması" nəzərdə tutulub. Əsas icraçı olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər icraçılar kimi isə İqtisadiyyat Nazirliyi və ABADA müəyyən edilmişdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu layihənin həyata keçirilməsi üçün hazırlıqlara artıq başlamışdır.

TIR parklarının yaradılması ilə bağlı ən azı 3 model layihə hazırlanması nəzərdə tutulmuşdur. Parkların istifadəsini optimallaşdırmaq üçün müasir informasiya və kommunikasiya texnologiyaları inteqrasiya ediləcək. M-1 (Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi), M-2 (Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi), M-3 (Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi), M-4 (Bakı-Şamaxı-Yevlax), M-5 (Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi) və M-6 (Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi) magistral yolları üzrə konseptual araşdırma aparılacaq.

TİR parklarında aşağıdakı xidmətlər təqdim ediləcək: dayanacaq yerlərinin rezervasiyası, avtomobil salonları, yanacaqdoldurma məntəqələri, təmir xidmətləri, təhlükəli, böyük və ağır yüklər üçün dayanacaqlar, otellər, tibbi yardım, internet, yük təhlükəsizliyi, bankomatlar və ödəniş terminalları, saunalar, sanitariya mərkəzləri və digər xidmətlər. Bu xidmətlərdən istifadə üçün ödənişlər parklar daxilində müəyyən ediləcək.

Layihə çərçivəsində beynəlxalq və daxili yükdaşımalarla məşğul olan sürücülər arasında (ən azı 70%-i xarici sürücülər) sorğu keçiriləcək. Bu sorğular vasitəsilə onların üzləşdiyi çətinliklər və gözləntilər müəyyən ediləcək və TİR parklarına dair qanunvericiliyin hazırlanmasında istifadə ediləcəkdir.