Hava yolları

Hava yolları

HAVALİMANLARI VƏ AVİASİYA XİDMƏTLƏRİ

Hazırda AZAL-ın tərkibində 9 hava limanı fəaliyyət göstərir ki, onlardan 8-i “beynəlxalq hava limanı” statusuna malikdir: Heydər Əliyev Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava Limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Yevlax Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı. Bundan əlavə, azad edilmiş ərazilərdə turizmi və əlaqəliliyi artırmaq məqsədilə inşa olunan Laçın Beynəlxalq Hava Limanı və Xocalı Beynəlxalq Hava Limanı yaxın zamanda fəaliyyətə başlayacaqdı. Bu hava limanları Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirərək, qlobal bazarlara çıxışı asanlaşdırmaqla iqtisadi inkişafı təşviq edir.

HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTU

Heydər Əliyev Beynəlxalq Hava Limanı Azərbaycanın əsas beynəlxalq qapısıdır və paytaxt Bakı şəhərində yerləşir. Ölkənin ən böyük və ən işlək hava limanı Azərbaycanı 60-dan çox qlobal istiqamətlə birləşdirir. Hava limanı təxminən 40 aviaşirkət tərəfindən həyata keçirilən uçuşlara xidmət göstərərək Avropa, Asiya, Orta Şərq, Şimali Amerika və digər istiqamətlərlə ölkəni əlaqələndirir. Heydər Əliyev Beynəlxalq Hava Limanı beynəlxalq ticarət və logistikaya dəstək verən müasir yükdaşıma imkanlarına malikdir və illik 100,000 tondan çox yük emal etmək gücünə sahibdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu 5 Ulduz “Skytrax World Airport Awards” tərəfindən ən yüksək mükafata - “5 ulduz” statusuna layiq görülmüş, MDB ölkələrinin ən yaxşı hava limanları reytinqinə də dəfələrlə başçılıq etmişdir.  

Ətraflı məlumat üçün keçid edə bilərsiniz: https://airport.az/az/

“AZƏRBAYCAN HAVA YOLLARI” QSC

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli aviadaşıyıcıdır və MDB ölkələrinin ən müasir təyyarə parkına malik lider aviasiya şirkətlərindən biridir. Sərnişinlərə xidmət keyfiyyətinin yüksək standartlarına görə mülki aviasiya sənayesində qabaqcıl aviadaşıyıcılardandır. Bunu Skytrax tərəfindən tanınmış beynəlxalq reytinqdə yüksək mövqelər təsdiqləyir. Dinamik inkişaf edən aviaşirkət “Skytrax” Britaniya konsaltinq şirkəti tərəfindən dəfələrlə nüfuzlu “4 Ulduz” reytinqini təsdiq etmişdir.

 “Azərbaycan Hava Yolları” daim öz marşrut şəbəkəsini genişləndirmək üzərində işləyir - bir çox müntəzəm marşrutlarla yanaşı, daşıyıcı tez-tez yeni mövsümi və çarter marşrutları açır.

Ətraflı məlumat üçün keçid edə bilərsiniz: https://www.azal.az/az/

 

SILKWAY GROUP

"SW Group" Şirkəti 14 iyul 2006-cı ildə yaradılmışdır. Müəssisələrdə 1400 nəfərə yaxın yüksək ixtisaslı mütəxəssislər çalışır. Baş ofisi Bakıda yerləşən qrupun Silk Way Airlines, Silk Way West Airlines, Silk Way Ground Handling, Silk Way Business Aviation və Silk Way Technics kimi bir neçə əsas bölməsi fəaliyyət göstərir. Silk Way Airlines və Silk Way West Airlines müasir yük təyyarələri ilə qlobal yükdaşıma xidmətləri təklif edərək Azərbaycanı əsas beynəlxalq bazarlarla əlaqələndirir. Silk Way West Airlines-ın əməliyyatları illik 500,000 tondan çox yük dövriyyəsi ilə fərqlənir və şəbəkəsi Avropa, MDB, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, eləcə də Amerika qitəsini əhatə edən 40-dan çox istiqaməti əhatə edir. Silk Way Ground Handling Heydər Əliyev Beynəlxalq Hava Limanında hərtərəfli yerüstü xidmətlər göstərir, Silk Way Technics isə texniki xidmət, təmir və yenidən baxış xidmətləri ilə təyyarələrin təhlükəsizliyini və etibarlılığını təmin edir. “Silk Way Group” beynəlxalq ticarətin asanlaşdırılmasında, Azərbaycanın iqtisadi inkişafının dəstəklənməsində və qlobal əlaqəliliyin artırılmasında müasir infrastruktur və texnologiyalara davamlı sərmayə qoymaqla mühüm rol oynayır.

Ətraflı məlumat üçün keçid edə bilərsiniz: https://www.silkwaygroup.com/