Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti neft, neft-kimya və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir.

Şirkətin tam rəsmi adı - Azərbaycan Respublikasının Dövlət Neft Şir­kəti, qısaldılmış rəsmi adı - SOCAR.

Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir.

Şirkət aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir:

  • ●  sahə üzrə enerji təhlükəsizliyinin təmin edilməsinin mühüm istiqamətlərindən olan neft-qaz hasilatının səviyyəsinin sabit saxlanılmasını, artırılmasını, habelə Azərbaycan Respublikasının qlobal enerji təhlükəsizliyi sisteminə inteqrasiya olunması prosesinin gücləndirilməsini;
  • ●  müasir texnologiyaları, avadanlıq və materialları Azərbaycan Respublikasının neft-qaz və neft-kimya sənayesinə cəlb etməklə, yerli infrastrukturun imkanlarının gücləndirilməsini və Şirkətin istehsalat-təsərrüfat fəaliyyətinin mühüm göstəriciləri üzrə dünyanın aparıcı şirkətləri sırasına çıxarılmasını;
  • ●  Şirkətin beynəlxalq neft-qaz, neft-kimya layihələrinə inteqrasiya olunması üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda səmərəli investisiya fəaliyyətinin həyata keçirilməsini;
  • ●  sahədə risklərin idarə olunması sistemlərinin formalaşdırılmasını və qabaqcıl idarəetmə sistemlərinin öyrənilməsini, tətbiq edilməsini və inkişaf etdirilməsini;
  • ●  Azərbaycan Respublikasının karbohidrogen ehtiyatlarının daha səmərəli istifadəsini, istehlakçıların sahədə istehsal olunan mallara, işlərə və xidmətlərə tələbatının daha dolğun ödənilməsini təmin edən neft, qaz və kondensatın hasilatı, nəqli, emalı, paylanması, daxili və xarici bazarlarda satışı üzrə istehsal-texnoloji və təchizat sistemlərinin, eləcə də neft-kimya sənayesinin etibarlı və səmərəli fəaliyyətinin təşkil edilməsini;
  • ●  sahənin maddi-texniki bazasının gücləndirilməsini, mövcud istehsal güclərindən səmərəli istifadə olunmasını, ən müasir texnika və texnologiyalardan istifadə etməklə, ətraf mühitə zərərli təsirin minimuma endirilməsini;
  • ●  elmi-texniki potensialın gücləndirilməsi və innovasiya layihələrinin geniş tətbiq edilməsi hesabına sahədə rəqabətə davamlı mal, iş və xidmətlərin təqdim edilməsinə nail olunmasını və sahənin inkişafı üçün Şirkətin qarşısında duran digər vəzifələrin həyata keçirilməsini.

Şirkət strukturuna daxil olan qurumlar vasitəsilə neft və qaz yataqlarının kəşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın , eləcə də neft, neft-kimya və qaz məhsullarının nəql edilməsi, emalı, paylanması, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və Şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir.