Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə yaradılmışdır. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası (bundan sonra – Koordinasiya Şurası) tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.
Koordinasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Koordinasiya Şurası öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli həyata keçirir.