Avtomobil Nəqliyyatı
AZƏRBAYCANDA AVTOMOBİL NƏQLİYYATI
Avtomobil nəqliyyatı Azərbaycan Respublikasının iqtisadiyyatının mühüm tərkib hissələrindən biri olmaqla, ölkədaxili logistik axınların və iqtisadi fəallığın təmin olunmasında əsas rol oynayır. Bununla yanaşı, bu sektor Azərbaycanın beynəlxalq ticarət və yükdaşıma qovşağına çevrilməsində strateji əhəmiyyət kəsb edir. Ölkənin əlverişli coğrafi mövqeyi - Avropanı Asiya ilə birləşdirən əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi - Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Hazırda respublikada ümumi uzunluğu 78,6 min kilometr olan avtomobil yolları mövcuddur ki, bunun təxminən 53 min kilometri bərk örtüklə təchiz olunmuşdur. Son illər ərzində bu sahədə mühüm infrastruktur layihələri həyata keçirilmiş, avtomobil yolları və körpülər yenidən qurulmuş və müasir standartlara uyğunlaşdırılmışdır. Bu layihələr sırasında beynəlxalq əhəmiyyət daşıyan Bakı-Quba-Rusiya sərhədi və Bakı-Qazax-Gürcüstan sərhədi kimi əsas magistral yollar xüsusi önəm daşıyır.
2024-cü il ərzində nəqliyyat dəhlizləri vasitəsilə daşınan 10,1 milyon ton yükün 30,3 faizi, yəni 7,2 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Bu göstərici 2023-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artım təşkil edir (2023-cü ildə 6,4 milyon ton). Sözügedən artım ölkənin yükdaşımalar üzrə artan dinamikasını əks etdirməklə yanaşı, daxili istehsal və ixracın genişlənməsinə, həmçinin tranzit potensialının möhkəmləndirilməsinə əlverişli zəmin yaradır. Bu məqsədlə, beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli layihələr icra olunmaqdadır.
Beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2024-cü ildə 1066 vahid artaraq 13 790-a çatmışdır. Eyni dövrdə beynəlxalq daşımalarda iştirak edən daşıyıcı şirkətlərin sayı 2084-ə yüksəlmiş, milli daşıyıcıların bazar payı isə 49 faiz təşkil etmişdir.
Azərbaycanın avtomobil nəqliyyatı ilə yükdaşıma coğrafiyası əhəmiyyətli dərəcədə genişlənmişdir. 2024-cü ildə bu coğrafiya Şərqdə Çin və Monqolustandan başlayaraq Qərbdə Böyük Britaniyaya qədər uzanaraq ümumilikdə 51 ölkəni əhatə etmişdir. Eyni zamanda, Çin, Pakistan və Böyük Britaniya ilə ilk dəfə olaraq daşıma icazələrinin mübadiləsi həyata keçirilmiş, ümumilikdə isə 39 ölkə ilə ikitərəfli icazə blanklarının mübadiləsi baş tutmuşdur.
Avtomobil nəqliyyatı sahəsində rəqəmsallaşma da prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Rəqəmsal yol nəqliyyatı idarəetmə sistemlərinin tətbiqi, elektron bilet və ödəniş mexanizmlərinin genişləndirilməsi, həmçinin yük və sərnişin daşımalarında müasir izləmə texnologiyalarının inteqrasiyası xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına şərait yaradır. Bu texnoloji yeniliklər həm də sərhəd keçid prosedurlarının sürətləndirilməsinə və tranzit axınlarının optimallaşdırılmasına mühüm töhfə verir.
Azərbaycan hökuməti avtomobil nəqliyyatı sektorunda ekoloji davamlılıq və yaşıl inkişaf prinsiplərinin tətbiqinə də xüsusi önəm verir. Alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin təşviqi, elektromobillər üçün zəruri infrastrukturun yaradılması, karbon emissiyalarının azaldılmasına yönəlik layihələrin icrası ekoloji tarazlığın qorunmasına və nəqliyyat sahəsinin davamlı inkişafına xidmət edir.
Ölkənin tranzit potensialının daha da artırılması məqsədilə avtomobil yollarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və yeni nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də sistemli tədbirlər həyata keçirilir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin açılması üzrə aparılan işlər Azərbaycanın Avrasiya nəqliyyat əlaqələrində strateji rolunun daha da güclənməsinə xidmət edir.
Avtomobil nəqliyyatı sahəsində həyata keçirilən kompleks islahatlar, infrastrukturun inkişafı və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın iqtisadi artımına, xarici ticarət əlaqələrinin genişlənməsinə və regionlararası inteqrasiyanın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir.
AZƏRBAYCAN YERÜSTÜ NƏQLİYYAT AGENTLİYİ
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, bu sahədə normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir.
Agentliyin əsas məqsədləri arasında nəqliyyat sisteminin təhlükəsizliyinin artırılması, ekoloji təmiz və səmərəli nəqliyyat həllərinin təşviqi, eləcə də nəqliyyatın idarə edilməsi və tənzimlənməsi üzrə müasir mexanizmlərin tətbiqi daxildir.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə fəaliyyətin əlaqələndirməsi, fərqlənmə nişanlarının tətbiqi ilə əlaqədar normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, icazə blanklarının mübadiləsi və uçotu, xarici ölkələrin birdəfəlik “İcazə” blanklarının operatorlar arasında bölgüsü Agentliyin vəzifələri və hüquqlarına daxildir.