Dəniz Nəqliyyatı və Limanlar
Azərbaycan Xəzər dənizi sahilində yerləşən strateji mövqeyi ilə dəniz nəqliyyatının inkişafında mühüm rol oynayır. Ölkə beynəlxalq ticarət və tranzit üçün əhəmiyyətli dəniz marşrutlarının üzərində yerləşir və bu da Azərbaycanın iqtisadiyyatı üçün əvəzolunmaz bir faktordur. Azərbaycanın dəniz nəqliyyatı, ölkənin liman infrastrukturunun güclü olması, müasir gəmiçilik və logistika xidmətləri ilə dəstəklənir.
"BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI" QSC
Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Limanı Avropa və Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşutunun mühüm hissəsi olan Bakı Limanı 400 hektarlıq ərazini əhatə etməklə müasir əməliyyat sisteminin tətbiqi ilə bütün növ yüklər üçün operativ yükaşırma xidməti, açıq və qapalı anbar sahələri təklif edir. Paytaxt Bakıdan 70 km aralıda Azərbaycanın əsas dəmiryolu və avtomagistrallarının birləşdiyi ərazidə yerləşən Bakı Limanında Ro-ro, Bərə və Ümumi yük terminalından ibarət olmaqla 13 körpü mövcuddur. 2018-ci ildən etibarən Bakı Limanının inşasının 1-ci inkişaf mərhələsi başa çatdırılıb ki, hazırda limanın yükaşırma imkanı 15 milyon ton yük və 100 000 TEU ekvivalentində konteynerdir. Limanının 2-ci fazasının inşası üçün də layihə işlənilir ki, onun da icrası ilə Limanın illik yükaşırma gücü 25 milyon ton və 500 000 TEU konteynerə qədər artırıla bilər.
Bundan başqa Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınması təmin etmək üçün hazırda Liman ərazisində illik yükaşırma gücü 2,5 milyon ton gübrə terminalının tikintisi davam etdirilir. Bu tikinti prosesi çərçivəsində ərazidə ümumi tutumu 60 000 ton olan iki anbar, yeni dizayn edilmiş vaqon yükləmə stansiyası, müxtəlif növ gübrələri birbaşa anbarlara, açıq və ya qapalı tipli vaqonlara boşaltmaq üçün ən müasir konveyr sisteminin də qurulması nəzərdə tutulur. Gələcəkdə liman ərazisində buğda terminalının və TIR parkının da tikintisi üçün layihə hazırlanıb.
Bakı Limanı 2019-cu ildən etibarən Xəzəryanı ölkələr içində ilk dəfə olaraq Avropa Dəniz Limanları Təşkilatının “Eco Ports” (Yaşıl Liman) sertifikatına layiq görülüb və 2021-ci ildən resertifikasıyadan uğurlar keçirb. Eyni zamanda Bakı Limanı 2022-ci ildən etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Bununla Liman strateji fəaliyyət planları ilə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 11-ə töhfə verməyə çalışır.
Bakı Limanının inkişafı 2 mərhələ üzrədir:
I mərhələ
2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub.
|
Körpünün növü |
Körpülərin sayı |
Ümumi yükaşırma imkanı |
|
Bərə terminalı |
2 |
6.2 milyon ton |
|
Ro-Ro körpüsü |
2 |
1.8 milyon ton |
|
Ümumi yük körpüsü |
7 |
7 milyon ton |
|
Xidmət körpüsü |
1 |
|
Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir.
II mərhələ
Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.
|
Körpünün növü |
Körpülərin sayı |
Ümumi yükaşırma imkanı |
|
Bərə terminalı |
2 |
6.2 milyon ton |
|
Konteyner körpusu |
2 |
10 miliyon ton |
|
Ro-Ro körpüsü |
2 |
1.8 milyon ton |
|
Ümumi yük körpüsü |
7 |
7 milyon ton |
|
Xidmət körpüsü |
1 |
25 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Azərbaycan Dəmir Yolları” QSC-yə qoşulmaqla yenidən təşkil edilmişdir. Bu islahat, dəmir yolu və dəniz nəqliyyatı əməliyyatlarının inteqrasiyası və daha səmərəli logistika idarəçiliyi məqsədi daşıyır.
“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.
Nəqliyyat donanmamızın tərkibində 51 gəmi, o cümlədən 20 tanker, 12 gəmi-bərə, 16 quru yük gəmisi, 1 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi vardır.
İxtisaslaşdırılmış donanma isə 162 gəmidən, o cümlədən 21 kran, 8 tanker, 3 təchizat, 2 yedək, 15 təchizat-yedək, 7 liman-yedək, 21 sərnişin, 2 borudüzən, 5 yanğınsöndürən, 4 mühəndis-geoloji, 10 dalğıc, 64 xidməti və köməkçi gəmidən ibarətdir.
Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Bu fəaliyyətin tarixi çox zəngindir. Azərbaycanda gəmiçiliyin inkişafı neft sənayesinin yaranması və tərəqqisi ilə sıx bağlıdır.
