Şərq-Qərb Dəhlizi
ŞƏRQ-QƏRB NƏQLİYYAT DƏHLİZİ
Şərq–Qərb nəqliyyat dəhlizi, digər adı ilə Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Çin, Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa İttifaqı ölkələri arasında yükdaşımaların təşkili baxımından mühüm strateji əhəmiyyətə malikdir. Bu dəhliz dəmir yolu, dəniz və avtomobil nəqliyyatı infrastrukturunu birləşdirən inteqrə edilmiş multimodal nəqliyyat sisteminə əsaslanır.
Orta Dəhliz, Süveyş Kanalı və Şimal–Cənub dəhlizi kimi digər beynəlxalq nəqliyyat marşrutları ilə müqayisədə bir sıra mühüm üstünlüklərə malikdir. Belə ki, Orta dəhliz Çin ilə Avropa arasında təqribən 8,000–10,000 km-lik məsafəni əhatə edir ki, bu da Süveyş marşrutu ilə müqayisədə (təxminən 20,000 km) iki dəfə qısadır. Orta Dəhliz üzrə tranzit müddəti 12–18 gün təşkil etdiyi halda, bu müddət Süveyş marşrutu üzrə 30–45 günə qədər uzana bilər. Şimal–Cənub dəhlizi üzrə isə bu göstərici 15–25 gün arasında dəyişir.
Orta Dəhlizin əsas üstünlükləri sırasına daha qısa məsafə və tranzit vaxtı, siyasi baxımdan daha sabit marşrut, texnoloji baxımdan müasirləşdirilmiş infrastruktur və yüksək dəyərə malik, vaxt baxımından həssas yüklər üçün optimal seçim olması daxildir. Bu xüsusiyyətlər Orta Dəhlizi yalnız alternativ marşrutlara rəqib deyil, həm də Avrasiya üzrə dayanıqlı və səmərəli yükdaşımaları təmin edən aparıcı nəqliyyat dəhlizlərindən birinə çevirir.
Dəhlizin dəmir yolu seqmenti təqribən 4,256 km məsafəni əhatə edir və Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçir. Xəzər dənizi üzərindən keçən dəniz seqmenti isə (təqribən 508 km) Türkmənbaşı, Kuryk və Aktau limanlarını Bakı Limanı ilə birləşdirir.
Azərbaycan ərazisindən yüklərin Avropa bazarlarına çatdırılması üçün iki əsas marşrut mövcuddur:
- Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu vasitəsilə Gürcüstan və Türkiyə üzərindən;
- Gürcüstanın Poti və Batumi limanları vasitəsilə dəniz nəqliyyatı ilə.
Hər iki istiqamət ölkənin tranzit potensialını artırmaqla yükdaşımaların optimal təşkili üçün əlverişli imkanlar yaradır.
Azərbaycan Respublikasının əlverişli geostrateji mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu ölkəmizin regionda əsas tranzit qovşaqlarından birinə çevrilməsinə mühüm töhfə verir. Xəzər dənizinin qərb sahilində yerləşən Bakı Limanı vasitəsilə multimodal daşımaları təmin etməsi, bu rolu daha da gücləndirir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, müasir avtomobil yolları və logistik mərkəzlərlə yanaşı, rəqəmsallaşdırılmış gömrük və tranzit sistemləri – o cümlədən e-TIR, e-CMR və “Vahid Pəncərə” mexanizmi – yüklərin şəffaf və fasiləsiz hərəkətini təmin edir.
Azərbaycan Orta Dəhliz üzrə regional və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq həyata keçirir. Çin, Qazaxıstan, Gürcüstan, Türkiyə və digər tranzit ölkələri ilə qarşılıqlı inteqrasiya olunmuş nəqliyyat sistemlərinin yaradılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və fasiləsiz yük hərəkətinin təmin edilməsi istiqamətində geniş əməkdaşlıq aparılır.
2024-cü ilin 3 iyul tarixində Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanmışdır. Bu sənəd Azərbaycan–Çin münasibətlərini yeni keyfiyyət mərhələsinə keçirərək siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Azərbaycan, həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində iştirak etməklə üzv ölkələr arasında nəqliyyat siyasətinin koordinasiyası, texniki standartların uyğunlaşdırılması və rəqəmsal həllərin tətbiqini təşviq edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də tranzit yüklərin artırılması və Orta Dəhlizin gücləndirilməsi prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda, TRACECA və digər beynəlxalq təşəbbüslər vasitəsilə regionda nəqliyyat-logistika infrastrukturunun inkişafına dəstək verilir. Bu əməkdaşlıqlar Orta Dəhlizin rəqabətqabiliyyətli, sürətli və dayanıqlı nəqliyyat dəhlizinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
2024-cü ildə Çin–Qazaxıstan–Azərbaycan marşrutu üzrə göndərilən 300 blok qatar əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Eyni zamanda, Çin istiqamətindən daşınan konteynerlərin ümumi sayı 27,000 TEU (20 futluq konteyner ekvivalentində) təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə artım deməkdir. Bu fakt Orta Dəhlizin Çin və Avropa arasında Qazaxıstan və Azərbaycan üzərindən keçən əsas və səmərəli marşruta çevrildiyini bir daha təsdiqləyir. 2024-cü ildə ilk dəfə olaraq Azərbaycandan Çinə ixrac yüklərinin daşınmasına da başlamışdır. Belə ki, 24 noyabr tarixində Bakından Çinin Sian limanına 62 ədəd 40 futluq konteynerdən ibarət ilk ixrac blok qatarı yola salınmışdır.
Çin–Qırğızıstan–Özbəkistan Dəmir Yolu
Orta Dəhlizin gələcək inkişafında xüsusi əhəmiyyətə malik regional layihələrdən biri Çin–Qırğızıstan–Özbəkistan dəmir yoludur. Bu layihə Çin ilə Özbəkistanı Qırğızıstan ərazisindən keçməklə birləşdirən 450 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisini nəzərdə tutur. Xətt Çinin Kaşqar şəhərindən başlayaraq Qırğızıstanın Toruğart və Makmal regionlarından keçərək Özbəkistanın Əndican şəhərinə qədər uzanır.
Bu yeni dəhliz Orta Dəhlizlə inteqrasiya edilərək yüklərin daha səmərəli şəkildə Xəzər dənizinə və Azərbaycan ərazisinə, buradan isə Avropaya çatdırılmasına imkan verəcək. Azərbaycan bu layihəni strateji baxımdan dəstəkləyir və yeni dəmir yolunun Transxəzər marşrutu ilə inteqrasiyasını regional nəqliyyat üstünlüyü kimi qiymətləndirir.
Zəngəzur Dəhlizi
Azərbaycan üçün strateji əhəmiyyətə malik digər layihə Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni dəmir yolu və avtomobil yolu infrastrukturunun yaradılmasını nəzərdə tutur və nəticə etibarilə Türkiyə və Avropa bazarlarına birbaşa çıxışı təmin edəcək.
Zəngəzur dəhlizi Orta Dəhlizin diversifikasiyasına və regionda alternativ nəqliyyat marşrutlarının formalaşmasına töhfə verəcək. Həmçinin bu dəhliz regionda siyasi, iqtisadi və logistik sabitliyin möhkəmlənməsində mühüm rol oynayacaq. Dəhlizin istismara verilməsi yükdaşımaların müddət və məsafə baxımından optimallaşdırılmasına, marşrutların çevikliyinin artırılmasına şərait yaradacaq.
Marşrut: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa