4. Koordinasiya Şurasının fəaliyyətinin təşkili
4.1. Koordinasiya Şurasının tərkibi (sədri və üzvləri) mərkəzi icra hakimiyyəti orqanlarının, digər dövlət idarə və təşkilatlarının nümayəndələrindən ibarət olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
4.2. Koordinasiya Şurasının sədri aşağıdakı vəzifələri yerinə yetirir:
4.2.1. Koordinasiya Şurasının fəaliyyətinin cari və perspektiv istiqamətlərini müəyyənləşdirir, onun fəaliyyət proqramını təsdiq edir və həyata keçirir;
4.2.2. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı zəruri olan metodiki sənədləri, aktları, əmrləri, göstərişləri, məktubları və digər sənədləri imzalayır;
4.2.3. Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.
4.3. Koordinasiya Şurası üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Koordinasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;
4.3.2. Koordinasiya Şurasının iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;
4.3.3. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı digər işləri həyata keçirmək.
4.4. Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.[i]
4.5. Koordinasiya Şurasının gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün müddətində Koordinasiya Şurasının üzvlərinə təqdim edilir və onlara Koordinasiya Şurasının iclasında baxılır.
4.6. Koordinasiya Şurasının iclasları aşağıdakı qaydada keçirilir:
4.6.1. Koordinasiya Şurasının iclasları onun üzvlərindən azı yeddi nəfər iştirak etdikdə ixtiyarlı sayılır;[ii]
4.6.2. Koordinasiya Şurasının iclasları rübdə bir dəfədən az olmayaraq və ya Koordinasiya Şurası sədrinin və ya üzvlərinin müraciətinə əsasən keçirilir;
4.6.3. Koordinasiya Şurasının iclaslarında səsvermə açıq keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Koordinasiya Şurası sədrinin səsi həlledicidir;
4.6.4. Koordinasiya Şurasının iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Koordinasiya Şurasının sədri və üzvləri tərəfindən imzalanır. Koordinasiya Şurasının iclaslarında bu Əsasnaməyə uyğun olaraq qəbul edilmiş qərarlar bütün dövlət və yerli özünüidarə orqanları, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir;
4.6.5. Koordinasiya Şurasının gündəliyinə daxil edilən məsələlər Koordinasiya Şurasının təsdiq etdiyi iş planı əsasında formalaşır;
4.6.6. Koordinasiya Şurasının gündəliyinə daxil edilmiş məsələlər barədə Koordinasiya Şurasının sədri və ya üzvlərindən biri məlumat verir;
4.6.7. Koordinasiya Şurasının hər bir iclasının reqlamentini, müzakirə olunacaq məsələlərdən asılı olaraq, Koordinasiya Şurasının sədri üzvlərin rəyini nəzərə alınmaqla müəyyənləşdirir.
4.7. Koordinasiya Şurasının iclaslarına dəvət olunan ekspert və məsləhətçilərin yalnız təkliflər vermək və müvafiq məsələlərə rəy bildirmək hüququ vardır.
4.8. Koordinasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumat Koordinasiya Şurasının sədri və ya onun razılığı ilə Katiblik tərəfindən mediada və Koordinasiya Şurasının rəsmi internet saytı vasitəsilə yayılır. [iii]
4.9. Koordinasiya Şurasının yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
[i] 9 avqust 2021-ci il tarixli 1413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 905) ilə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.4-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.4. Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi (bundan sonra – Katiblik) tərəfindən həyata keçirilir.
31 may 2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114) ilə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.4-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[ii] 10 iyun 2016-cı il tarixli 937 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1033 ilə 4.6.1-ci yarımbənddə “üzvlərinin azı dörddə üçü” sözləri “üzvlərindən azı yeddi nəfər” sözləri ilə əvəz edilmişdir.
[iii] 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113) ilə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.8-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.