2. Koordinasiya Şurasının vəzifələri

 

2. Koordinasiya Şurasının vəzifələri

 

2.0. Koordinasiya Şurasının vəzifələri bunlardır:

2.0.1. tranzit yüklərlə bağlı vahid tarif siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə aşağıdakı sahələrdə tariflər müəyyən etmək:[i]

1. dəmir yolu ilə tranzit yüklərin daşınması;

2. dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması;

3. tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər;

4. bu Əsasnamənin 2.0.1-ci yarımbəndinin 1-ci – 3-cü abzaslarında göstərilən xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri.

2.0.2. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların bütün iştirakçılarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

2.0.3. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların ahəngdarlığının, səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi üçün tədbirlər görmək;

2.0.4. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, şərtlərinin və prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması və sadələşdirilməsi üzrə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.5. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müqavilələrinin bağlanması prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması, elektronlaşdırılması və bu sahədə “bir pəncərə” prinsipinin tətbiqi məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etmək:

1. tranzit yükün daşınması ilə əlaqədar müqavilənin bağlanması üçün daşıyıcılar və ya müştərilərdən birbaşa və ya ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələri vasitəsilə daxil olmuş müraciətlərin (o cümlədən elektron müraciətlərin) qəbulunu;

2. ölkə ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması şərtləri (vahid tariflər, müddətlər və s.) barədə məlumatın daşıyıcı şirkət və ya müştərilərə verilməsini;

3. daxil olmuş müraciətlərin koordinasiyası (razılaşdırılması) məqsədi ilə onların dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinə və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərə göndərilməsini;[ii]

4. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərlə daşıyıcılar və ya müştərilər arasında tranzit yüklərin daşınması ilə bağlı razılaşdırılmış müqavilələrin bağlanması üçün şərait yaradılmasını;[iii]

5. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən bağlanmış daşıma və nəqliyyat-ekspedisiya müqavilələrinin, habelə tranzit yüklərlə bağlı daşıma sənədlərinin surətlərinin alınmasını;[iv]

6. tranzit yüklərin daşınması ilə bağlı bağlanmış müqavilələrin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətli icrasının əlaqələndirilməsini;[v]

7. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqinin prosedur qaydalarının müəyyən edilməsini.[vi]

2.0.6. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə daşınan tranzit yüklərin Azərbaycan Respublikasının dövlət sərhədindən (sərhəd və gömrük nəzarətindən) keçməsi prosedurlarının asanlaşdırılması, şəffaflaşdırılması və elektronlaşdırılması məqsədi ilə bu sahədə tranzit yükdaşıma fəaliyyətini müvafiq dövlət orqanları ilə əlaqələndirmək;

2.0.7. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinin, daşıyıcıların, ekspeditorların və operatorların qarşılıqlı fəaliyyəti üçün vahid prinsiplərin və şərtlərin müəyyən olunması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.8. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat infrastrukturunun inkişafı, daşıma proseslərini idarəetmə sistemlərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.9. tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və yeni tranzit imkanlarının yaradılması məqsədi ilə təhlillər aparmaq, proqramlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.10. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.11. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinə uyğun istiqamətlərdə hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, digər orqanlar tərəfindən hazırlanmış belə layihələrə dair rəy və təkliflər vermək;

2.0.12. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində mövcud infrastruktur obyektlərinin potensialından maksimum istifadə edilməsi ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.0.13. tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, yeni tranzit imkanlarının yaradılması və tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması məqsədi ilə dövlət orqan və təşkilatları, hüquqi və fiziki şəxslər, habelə xarici dövlətlərin müvafiq qurumları və tranzit təşkilatlar ilə əməkdaşlıq etmək;

2.0.14. Koordinasiya Şurasının qəbul etdiyi qərarların tətbiqinə dövlət nəzarətini həyata keçirmək, yol verilən nöqsanlarla bağlı qanunla müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə müraciət etmək;

2.0.15. Koordinasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı şərh vermək;

2.0.16. haqsız rəqabətə şərait yaratmadan ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində tariflər (qiymətlər) üzrə güzəştlərin müəyyən edilməsi qaydasına dair təkliflər vermək;[vii]

2.0.17. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşıma iştirakçılarının müraciətlərinə baxmaq, onların hüquqlarının müdafiəsi məqsədi ilə tədbirlər görmək, mübahisəli məsələlərin həlli ilə bağlı qərarlar qəbul etmək;

2.0.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin etmək;

2.0.19. ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərini təşviq etmək.

 


[i] 2 sentyabr 2023-cü il tarixli 2315 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 3 sentyabr 2023-cü il, № 189, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1285) ilə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 2.0.1-ci yarımbəndi ləğv edilmişdir.

 

[ii] 10 iyun 2016-cı il tarixli 937 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1033 ilə 2.0.5-ci yarımbəndin 3-cü abzasında “dəniz terminalları” sözlərindən sonra “vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinə” sözləri əlavə edilmişdir və “nəqliyyat müəssisələrinə” sözləri “hüquqi və fiziki şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

[iii] 10 iyun 2016-cı il tarixli 937 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1033 ilə 2.0.5-ci yarımbəndin 4-cü abzasında “dəniz terminalları” sözlərindən sonra “vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri” sözləri əlavə edilmişdir və “nəqliyyat müəssisələri ilə” sözləri “hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilmişdir.

 

[iv] 10 iyun 2016-cı il tarixli 937 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1033 ilə 2.0.5-ci yarımbəndin 5-ci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində bağlanmış bütün müqavilələrin qeydiyyatının aparılmasını və tranzit yüklərin dövlət sərhədindən keçirilməsi üçün qeydiyyata alınmış belə müqavilələr haqqında məlumatların, habelə tranzit yükdaşımalarla bağlı daşıma sənədlərinin sərhəd xidməti və gömrük orqanlarına göndərilməsini;

 

[v] 10 iyun 2016-cı il tarixli 937 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1033 ilə 2.0.5-ci yarımbəndin 6-cı abzasında “dəniz terminalları” sözlərindən sonra “vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri” sözləri əlavə edilmişdir və “nəqliyyat müəssisələri” sözləri “hüquqi və fiziki şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[vi] 10 iyun 2016-cı il tarixli 937 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1033 ilə 2.0.5-ci yarımbəndin 7-ci abzası ləğv edilmişdir.

 

[vii] 10 iyun 2016-cı il tarixli 937 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1033 ilə 2.0.16-cı yarımbənddə “güzəştlər vermək” sözləri “güzəştlərin müəyyən edilməsi qaydasına dair təkliflər vermək” sözləri ilə əvəz edilmişdir.