Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası (bundan sonra – Koordinasiya Şurası) tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.
1.2. Koordinasiya Şurası mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər tərəfindən dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi sahəsində daşıma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir.
1.2-1. Nəqliyyat-ekspedisiya xidmətləri – dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması xidmətləri, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər üzrə nəqliyyat müəssisələri ilə birbaşa müqavilə əsasında hüquqi və fiziki şəxslər tərəfindən göstərilən xidmətlərdir.
1.3. Koordinasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.4. Koordinasiya Şurası öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli həyata keçirir.