Zəngəzur Dəhlizi

Zəngəzur Dəhlizi

2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində keçirilmiş üçtərəfli görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanmışdır. Sənəd çərçivəsində irəli sürülən təşəbbüslərin əsas istiqamətlərindən biri “Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) - Zəngəzur Dəhlizinin formalaşdırılmasıdır.

Zəngəzur Dəhlizi Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməklə yanaşı, həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üçün yeni mühüm seqment rolunu oynayacaq. Bu layihə Türk Dünyası arasında inteqrasiyanı gücləndirərək regional iqtisadi əməkdaşlığın yeni mərhələsini təşviq edəcək və Avrasiyanın logistika xəritəsində strateji bağlantı kimi çıxış edəcək.

Cənubi Qafqazda iqtisadi əlaqələrin və geosiyasi dinamikaların yenidən qurulmasına imkan verən bu dəhliz regionun mühüm nəqliyyat təşəbbüslərindən biri kimi qiymətləndirilir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan uzun illərdir nəqliyyat infrastrukturuna etibarlı və ardıcıl investisiyalar etməklə Avrasiya məkanında aparıcı tranzit mərkəzinə çevrilmək istiqamətində tədbirlər həyata keçirir. Son iki onillikdə ölkəmizdə dəmir yolları, avtomobil magistralları, dəniz limanları, hava limanları və logistika infrastrukturuna edilən genişmiqyaslı investisiyalar bu mövqeni daha da gücləndirmişdir. Bakı - Tbilisi - Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası (AFEZ), çoxmodullu logistika qovşaqları və digər təşəbbüslər - ölkəmizin qlobal bağlantılar üzrə strateji mərkəzə çevrilməsi istiqamətində vahid vizyonun tərkib hissəsini təşkil edir.

 Enerji Təhlükəsizliyi və Yeni İnfrastruktur İmkanları

Zəngəzur Dəhlizi təkcə nəqliyyat koridoru kimi deyil, həm də enerji infrastrukturu üçün yeni imkanlar yaradacaq strateji layihə kimi çıxış edir. Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı olmaqla, qitənin enerji təminatında mühüm rol oynayır. Bakı - Tbilisi - Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin (TANAP və TAP) uğurlu fəaliyyəti ölkəmizin enerji resurslarını beynəlxalq bazarlara təhlükəsiz, davamlı və etibarlı şəkildə çatdırmaq imkanlarını sübut etmişdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu Cənub Qaz Dəhlizinin 2027-ci ilə qədər ikiqat genişləndirilməsini nəzərdə tutur. Bu baxımdan Zəngəzur Dəhlizi gələcək qaz kəmərləri, elektrik ötürücü xətləri və fiber-optik rabitə xətləri üçün platforma rolunu oynaya bilər. Bu isə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənubi Qafqazda yeni enerji əməkdaşlığı imkanlarının yaranmasına şərait yaradacaq.

“Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Azərbaycan-Ermənistan sərhədində yerləşən Horadiz-Ağbənd dəmir yoluna birləşəcək və Naxçıvana qədər uzanacaq. Buradan isə Türkiyə və Avropa istiqamətlərinə çıxış təmin olunacaq. Beləliklə, Zəngəzur dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının mühüm tərkib hissəsi kimi Bakı-Tbilisi-Qars dəhlizi ilə birlikdə regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Hazırda Azərbaycan ərazisində 110 km uzunluğunda Horadiz - Ağbənd dəmir yolunun inşası sürətlə davam etdirilir. Türkiyə isə Kars - Iğdır - Aralık - Dilucu xəttinin yaxın illərdə tamamlanmasını planlaşdırır. İlkin hesablamalara əsasən, bu xəttin illik  5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma potensialına malik olacaq.

Zəngəzur Dəhlizi yalnız regional nəqliyyat marşrutu deyil, həm də qlobal ticarət, enerji təhlükəsizliyi, regional inteqrasiya və iqtisadi modernizasiya üçün strateji imkanlar açır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərini birləşdirərək Cənubi Qafqazı beynəlxalq təchizat zəncirlərinin əsas halqasına çevirir və Azərbaycanın qlobal əlaqələrdə etibarlı tərəfdaş və Avrasiyanın aparıcı tranzit qovşağı kimi mövqeyini gücləndirir.